
Bakıda rinoplastika əməliyyatından sonra iflic vəziyyətinə düşən 34 yaşlı Nigar Budaqlı vəfat edib.
Qanuntv.az xəbər verir ki, hadisə ötən gün baş verib.
Məlumata görə, Nigar Budaqlı ötən ilin aprel ayında Bakıda yerləşən “MedAura” Klinikasında rinoplastika əməliyyatı keçirib. Əməliyyatdan sonra onun vəziyyəti ağırlaşıb və qadın iflic vəziyyətinə düşüb. Uzun müddət müalicə alan Nigar Budaqlı ötən gün həyatını itirib.
Qeyd edək ki, onun əməliyyatdan sonra iflic vəziyyətinə düşməsi ilə bağlı daha əvvəl də məlumat yayılmışdı.
Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsi “MedAura” Klinikasında rinoplastika əməliyyatından sonra Nigar Budaqlının komaya düşməsi ilə bağlı cinayət işi üzrə hökm elan edib.
Məhkəmənin hökmü ilə lor-estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva səhlənkarlıqda təqsirli bilinərək hər biri 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmçinin hər iki həkimin tibbi fəaliyyətlə məşğul olmaq hüququ 2 il müddətinə məhdudlaşdırılıb.





