
CNN tərəfindən yayımlanan və Azərbaycan ərazisinin guya İsrail xüsusi təyinatlıları tərəfindən İrana qarşı kəşfiyyat və hərbi əməliyyatlar məqsədilə istifadə edildiyini iddia edən materialla bağlı Azərbaycan tərəfi hüquqi müstəvidə addım atıb.
Qanuntv.az xəbər verir ki, CNN-in materialında İsrail xüsusi təyinatlılarının Azərbaycanın cənubunda, İran sərhədinə yaxın bir neçə ərazidə fəaliyyət göstərdiyi, həmin məntəqələrdən kəşfiyyat və pilotsuz uçuş aparatları əməliyyatlarının həyata keçirildiyi iddia olunub. Həmçinin İsrail tərəfindən Azərbaycanda dinləmə cihazları və digər kəşfiyyat avadanlıqlarının əvvəlcədən yerləşdirildiyi və bunun İrana qarşı sonrakı əməliyyatlara hazırlıq məqsədi daşıdığı bildirilib.
Lakin material dərc edilməzdən əvvəl CNN Azərbaycan tərəfinin mövqeyindən məlumatlı olub. Azərbaycan tərəfi CNN-in sorğusuna cavab olaraq bu iddiaları rəsmən təkzib edib və Azərbaycan ərazisinin hər hansı üçüncü dövlət tərəfindən İrana qarşı hərbi və ya kəşfiyyat məqsədləri üçün istifadəsinə icazə verilmədiyini bildirib.
Buna baxmayaraq, materialda Azərbaycanın təqdim etdiyi mövqenin adekvat şəkildə əks etdirilmədiyi, əsas iddiaların isə anonim mənbələrə istinadla təqdim edildiyi qeyd olunur.
Azərbaycanın xarici qüvvələrin ərazisindən qonşu və ya üçüncü dövlətlərə qarşı istifadəsinə imkan verilmədiyi barədə dəfələrlə açıq şəkildə mövqe bildirməsinə baxmayaraq, CNN-də bu iddiaların yer aldığı materialın dərc edilməsi Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub.
Materialın yayılmasından sonra Azərbaycan tərəfi CNN-dən sözügedən iddiaların təkzib edilməsini və materiala düzəliş verilməsini rəsmi şəkildə tələb edib. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi tərəfindən də açıqlama verilib.
İyunun 6-da, 23-də və iyulun 2-də Azərbaycan tərəfi CNN-ə rəsmi təkrar məktublar göndərərək materialda yer alan iddiaların təkzib edilməsini və müvafiq düzəlişlərin aparılmasını tələb edib.
CNN Azərbaycanın müraciətlərini araşdıracağını bildirsə də, iddialara münasibətdə hər hansı əməli tədbir görməyib və materialda səsləndirilən fikirləri təkzib etməyib.
Bundan sonra Azərbaycan tərəfi CNN-ə qarşı ABŞ-nin Delaver ştatı üzrə federal məhkəməsində iddia qaldırıb. İddia tələbinin 17 avqust 2026-cı il tarixində rəsmi olaraq məhkəməyə təqdim edildiyi bildirilir.
Qeyd olunur ki, CNN materialının müəlliflərindən biri olan Tim Listerin əvvəlki yazılarında da Azərbaycanla bağlı birtərəfli yanaşmalar müşahidə edilib. Onun 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə bağlı dərc etdiyi materiallarda da Azərbaycan əleyhinə qərəzli iddiaların yer aldığı bildirilir.
Azərbaycan tərəfinin CNN-ə qarşı məhkəməyə müraciəti sözügedən materialda irəli sürülən iddiaların hüquqi müstəvidə araşdırılması baxımından diqqət çəkən addım kimi qiymətləndirilir.




