
Ağdam rayonunun Qarağacı qəbiristanlığında qəbir qazıntısı aparılan zaman hərbi sursat aşkarlanıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Məlumata görə, tapıntı ilə bağlı ANAMA-nın qaynar xəttinə məlumat daxil olduqdan sonra əraziyə əməliyyat qrupu cəlb edilib.
Ərazidə aparılan baxış zamanı yerin təxminən 1,5 metr dərinliyində Birinci Qarabağ müharibəsi dövründən qaldığı ehtimal edilən hərbi sursat aşkar olunub.
Aşkar edilmiş hərbi sursat ANAMA əməkdaşları tərəfindən təhlükəsizlik qaydalarına uyğun şəkildə zərərsizləşdirilib. Görülən tədbirlər nəticəsində ərazidə təhlükəsizlik təmin edilib.
ANAMA bir daha vətəndaşlara müraciət edərək mina və partlamamış hərbi sursat təhlükəsi olan ərazilərdə ehtiyatlı olmağa çağırıb.
Agentlik vətəndaşları mina təhlükəsi barədə xəbərdarlıq edən nişanlara diqqətlə yanaşmağa, tanımadıqları və bələd olmadıqları ərazilərə daxil olmamağa, şübhəli və tanımadıqları əşyalara toxunmamağa çağırıb.
Belə hallarla qarşılaşan şəxslərdən 805, 102 və ya 112 qaynar xətlərinə məlumat vermələri xahiş olunur.





