
Gəncədə övladlarından ayrı düşən ana iki azyaşlı uşağına qovuşub.
Qanuntv.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, sosial şəbəkələrdə iki azyaşlı övladının tapılaraq ona qaytarılması ilə bağlı bir ananın videomüraciəti yayılıb.
Məsələ ilə bağlı qadın Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinin 116111 nömrəsinə müraciət edərək 7 və 4 yaşlı övladları ilə görüşmək məqsədilə babaları tərəfindən aparıldığını, lakin sonradan uşaqların ona qaytarılmadığını bildirib.
Qadının müraciəti əsasında məsələ Daxili İşlər Nazirliyinə və digər aidiyyəti qurumlara yönləndirilib. Uşaqların hüquq və mənafelərinin qorunması, eləcə də onların anaya qaytarılması istiqamətində müvafiq tədbirlər görülüb.
Polis və digər aidiyyəti qurumların birgə səyləri nəticəsində ötən gün uşaqlar anaya təhvil verilib.
Beləliklə, bir müddətdir övladlarından ayrı qalan ana 7 və 4 yaşlı iki uşağına qovuşub.
Dövlət Komitəsi qeyd edib ki, uşaq hüquqlarının qorunması, uşaqların təhlükəsizliyinin və onların ali mənafelərinin təmin olunması istiqamətində daxil olan hər bir müraciət diqqətdə saxlanılır.
Qeyd edək ki, Gəncədə yaşayan iki uşaq anası, 24 yaşlı Jalə Adil qızı Ağayeva övladlarının babası tərəfindən aparıldığını bildirərək şikayətçi olmuşdu.





