
Siyəzən rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbirləri keçirilib.
Qanuntv.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupuna istinadən xəbər verir ki, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 43 yaşlı Teymur Cavadov saxlanılıb.
Polis əməkdaşları tərəfindən onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən xüsusi qulluq edilərək yetişdirildiyi bildirilən 62 ədəd narkotik tərkibli kol aşkar olunaraq götürülüb.
Rayon ərazisində keçirilən digər əməliyyat tədbirləri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən daha 8 nəfər müəyyən edilərək saxlanılıb.
Aşkarlanan faktlarla bağlı araşdırmalar davam etdirilir və saxlanılan şəxslərin əməllərinə hüquqi qiymət verilməsi məqsədilə cinayət işləri başlanılıb.
Məlumata görə, saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işləri üzrə istintaq tədbirləri davam etdirilir.





