
Hacıqabul şəhərində törədilən dəhşətli qətlin təfərrüatları məlum olub.
Qanuntv.az xəbər verir ki, hadisə şəhərin Sabir Almazov küçəsində “Mercedes” markalı avtomobildə baş verib.
İlkin məlumata görə, Hacıqabul sakini Cəfər Həsənov qısqanclıq zəminində bacısı, 2007-ci il təvəllüdlü 19 yaşlı Zeynəb Qocayevanı boyun nahiyəsindən bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən Cəfər Həsənov daha sonra könüllü şəkildə polisə təslim olub.
Hadisənin şahidi bildirib ki, küçədə dayanmış alüminium rəngli “Mercedes” avtomobilini görüb. Onun sözlərinə görə, avtomobil yolun ortasında, iki evin arasında dayanıb.
Şahid avtomobildən heç kimin düşmədiyini və qapı səsi eşitmədiyini deyib:
“Evdə oturmuşdum. Burada bir maşının dayandığını gördüm. Alüminium tozu rəngində “Mercedes” idi. Yolun düz ortasında, bizim evlə o biri evin arasında dayanmışdı.
Gördüm ki, maşından heç kim düşmədi. Qapının səsini də eşitmədim. Durub çöldən baxdım, belə bir zingilti səsi eşitdim. Elə bildim ki, maşın iti vurdu.
Məni gördükdən sonra sürüb getdi. Baxdım ki, it də yoxdur. Dedim, ola bilsin, hansısa itə toxunub, sürüb gedib. Başqa heç nə olmadı. Nə maşından düşən oldu, nə də maşına minən. Adamın fikrinə gəlməz axı nömrəni götürsün. O özü onsuz da gedib təslim olub”.
Şahid hadisədə iştirak edən şəxsləri tanımadığını və onların həmin ərazidə yaşamadıqlarını da bildirib.
Zeynəb Qocayevanın meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.





