
Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov 89 yaşında vəfat edib.
Qanuntv.az xəbər verir ki, Abbasəli Novruzov bu gün səhər saatlarında dünyasını dəyişib. Məlumata görə, general-mayor sabah Hərbi Memorial Məzarlıqda dəfn olunacaq.
Abbasəli Ramazan oğlu Novruzov 1937-ci ildə anadan olub. O, uzun illər SSRİ Sərhəd Qoşunlarında xidmət edib, müxtəlif vəzifələrdə çalışaraq sıravi əsgərlikdən yüksək rəhbər vəzifələrədək şərəfli xidmət yolu keçib.
Dövlət Sərhəd Xidmətinin məlumatına görə, general-mayor Novruzov ömrünün 57 ilini dövlət sərhədlərinin mühafizəsinə və ölkənin təhlükəsizliyinin təmin olunmasına həsr edib. O, SSRİ dövründə Göytəpə Sərhəd Dəstəsində zastava rəisinin müavini vəzifəsindən Zaqafqaziya Sərhəd Dairəsinin Kəşfiyyat İdarəsi rəisinin müavini vəzifəsinədək yüksəlib, Əfqanıstanda Sərhəd Qoşunları üzrə baş müşavir kimi də fəaliyyət göstərib.
1994-cü il aprelin 8-də Ulu Öndər Heydər Əliyevin qərarı ilə Abbasəli Novruzov müstəqil Azərbaycanın Sərhəd Qoşunlarının komandanı vəzifəsinə təyin edilib. O, eyni zamanda Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini vəzifəsində çalışıb və 2001-ci ilədək Sərhəd Qoşunlarına rəhbərlik edib.
General-mayor Abbasəli Novruzov xidmətləri dövründə Azərbaycanın sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində mühüm fəaliyyət göstərib. O, Azərbaycan Respublikasının “Əməkdar hüquqşünas” fəxri adına, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin “Fəxri əməkdaşı” adına layiq görülüb, həmçinin “Azərbaycan Bayrağı” və “Şöhrət” ordenləri ilə təltif edilib. “Şöhrət” ordeni ona 25 may 2017-ci il tarixli Prezident sərəncamı ilə təqdim olunub.
Abbasəli Novruzovun vəfatı Azərbaycan sərhəd mühafizəsi və təhlükəsizlik xidmətinin tarixində özünəməxsus iz qoymuş təcrübəli hərbçinin həyatına son qoyub.
Qanuntv.az general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar ailəsinə, yaxınlarına və xidmət yoldaşlarına dərin hüznlə başsağlığı verir.





