
Polşada nəhəng Məryəm Ana heykəli ictimaiyyətə təqdim olunub.
Qanuntv.az xəbər verir ki, avqustun 15-də keçirilən təntənəli kilsə ibadəti zamanı nümayiş etdirilən abidə Torun şəhəri yaxınlığında, Varşavadan təxminən 190 kilometr şimal-qərbdə yerləşən Konotopye kəndində ucaldılıb.
Heykəlin özünün hündürlüyü 40,6 metr, tac formasında hazırlanmış postamentinin hündürlüyü isə 15 metrdir. Beləliklə, abidənin ümumi hündürlüyü 55 metrdən çoxdur.
Nəhəng heykəl Polşanın varlı iş adamlarından biri, 75 yaşlı Roman Karkosikin maliyyə vəsaiti hesabına inşa edilib. Avtomobil sənayesi üçün təchizat sahəsində sərvət qazanan Karkosik Polşa fond bazarının tanınmış investorlarından biridir.
Polşanın “Architektura Murator” memarlıq portalının qiymətləndirməsinə əsasən, tikintiyə təxminən 23 milyon avro vəsait xərclənib.
Konotopye sakinləri yeni abidənin bölgəyə turist və zəvvar axınını artıracağına ümid edirlər. Bununla belə, nəhəng heykəl Polşa cəmiyyətində birmənalı qarşılanmayıb və müxtəlif müzakirələrə, eləcə də tənqidlərə səbəb olub.
Dominikan rahibi Pavel Qujinski heykəli “tarladakı Kinq-Konq” adlandırıb. O, “Radio Z”nin efirində layihəni Bibliyadakı bütpərəstliklə bağlı “qızıl buzov ətrafında rəqs” hekayəsinə bənzədib.
Abidənin gələcəkdə Polşanın yeni turizm və dini ziyarət məkanlarından birinə çevrilib-çevrilməyəcəyi isə zamanla məlum olacaq.






