
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən cari ilin ötən dövrü ərzində suda boğulma təhlükəsi ilə üzləşən 66 nəfər xilas edilib.
Bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, xilas edilən şəxslərin 60-ı çimərlik mövsümü ərzində olub. Xidmətin nəzarət etdiyi ərazilərdə ölüm hadisəsi ilə nəticələnən sudabatma halı qeydə alınmayıb.
Bununla yanaşı, xilasedicilər tərəfindən ümumilikdə 51 nəfərin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Araşdırmalar nəticəsində müəyyən edilib ki, suda boğulma hallarının əksəriyyəti qeyri-çimərlik ərazilərindən istifadə, küləkli havada və ya spirtli içki qəbul etdikdən sonra dənizə girmək, uşaqların və yeniyetmələrin nəzarətsiz buraxılması ilə bağlıdır. Xüsusilə bölgələrdə çay, göl, suvarma kanalı və çimmək üçün nəzərdə tutulmayan digər su hövzələrindən istifadə də ciddi təhlükə yaradır.
FHN əhaliyə, xüsusilə valideynlərə müraciət edərək istirahət üçün yalnız xilasedicilərin xidmət apardığı çimərliklərdən istifadə etməyə çağırıb.
Çimərliklərdə bunlar qadağandır:
- Çimmək üçün nəzərdə tutulmayan ərazilərdə suya girmək;
- Çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;
- Küləkli havada dənizə girmək;
- Sərxoş halda çimərliyə gəlmək və ya spirtli içki qəbul etmək;
- Fırtına xəbərdarlığından sonra çimərlikdə qalmaq;
- Suda kobud hərəkətlər etmək;
- Çimərliyi tullantılarla çirkləndirmək;
- Çimərliyə ev heyvanları gətirmək;
- Çimərlikdə balıq tutmaq;
- Müxtəlif texniki qurğulara, qayıq və digər vasitələrə üzüb yaxınlaşmaq və onların üzərinə çıxmaq;
- Xilasetmə texnikası istisna olmaqla, digər qayıq və kiçik gəmilərlə çimərlik ərazisinə daxil olmaq.
FHN valideynlərə xəbərdarlıq edir
Nazirlik uşaqların yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməsinin vacibliyini vurğulayıb. Uşaqlar çimərlikdə nəzarətsiz buraxılmamalı və yalnız onlar üçün ayrılmış ərazilərdə çimməlidirlər.
Xilasedicilərin çağırış və tələblərinə, eləcə də xəbərdaredici nişan və lövhələrin göstərişlərinə mütləq əməl olunmalıdır.
FHN həmçinin günün qızmar saatlarında uzun müddət günəş altında qalmağın və hava qaraldıqdan sonra suya girməyin təhlükəli olduğunu bildirir.
Məlumata əsasən, çimərliklərdə istirahət üçün 09:00-dan 20:00-dək olan vaxt daha təhlükəsiz hesab edilir.
QanunTV.az xəbər verir ki, su hövzələrində təhlükəsizlik qaydalarına riayət etmək həyatınızı və yaxınlarınızın həyatını qorumağın ən vacib şərtlərindən biridir.





