
ABŞ Silahlı Qüvvələri İranla müharibə zamanı arsenalında olan “MQ-9 Reaper” pilotsuz uçuş aparatlarının (PUA) təxminən 25 faizini itirib.
Qanuntv.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ Silahlı Qüvvələri Hörmüz boğazı bölgəsində ümumilikdə 45 “MQ-9 Reaper” PUA-sı itirib. Bildirilir ki, aşağı hündürlükdə və nisbətən yavaş hərəkət edən bu dronlar kəşfiyyat məlumatlarının toplanması və nöqtəvi zərbələrin həyata keçirilməsi üçün istifadə olunur.
“MQ-9 Reaper” aparatlarının qiyməti quraşdırılan sensor və silah sistemlərinin xüsusiyyətlərindən asılı olaraq təxminən 30-50 milyon dollar arasında dəyişir.
“The Washington Post”un hesablamalarına əsasən, itirilən PUA-ların yaratdığı potensial maliyyə yükü ABŞ vergiödəyiciləri üçün 1,3 milyard dollardan çox ola bilər.
Məlumata görə, itirilən bütün PUA-ların vurulduğunu demək mümkün deyil. Aparatların bir qisminin operatorlarla əlaqənin kəsilməsindən sonra qəzaya uğradığı bildirilir.





