
İranda “Hizbullah”ın İran qolunun baş katibi Məhəmmədbağır Xərrazinin son açıqlamaları ölkədə geniş müzakirələrə səbəb olub.
“Qanun TV” xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Məhəmmədbağır Xərrazi çıxışı zamanı İranın hazırkı Ali Lideri Müctəba Xameneinin üç il əvvəl atası Əli Xameneinin ofisində tutduğu vəzifədən uzaqlaşdırılmasından danışıb.
O bildirib ki, Müctəba Xameneinin həmin vəzifədə qalması onun həyatı üçün təhlükə yarada bilərdi:
“Əgər o, bu vəzifədə qalsaydı, onu öldürmək istəyən insanlar olacaqdı”.
Xərrazi qeyd edib ki, bu barədə ilk dəfə danışır. O, həmçinin Əli Xameneinin sağlığında bəzi şəxslərin onun ölümünü istədiyini iddia edib.
Radikal din xadimi İranın keçmiş prezidenti İbrahim Rəisinin ölümü ilə bağlı da diqqətçəkən fikirlər səsləndirib. Onun sözlərinə görə, Rəisi İranın ali lideri olmaq niyyətini ortaya qoyduqdan sonra “aradan götürülüb”.
Xərrazi çıxışında İran İslam Respublikasının qurucusu Ayətullah Ruhullah Xomeyninin ofisi və bəzi siyasi xadimlərlə bağlı da müxtəlif ittihamlar səsləndirib.
Qeyd edək ki, səsləndirilən iddialar rəsmi şəkildə təsdiqlənməyib.





