
Abituriyentlərə ixtisas seçimi ilə bağlı mühüm tövsiyə verilib.
Qanuntv.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə DOST TV-nin canlı yayımında abituriyentlərin ixtisas seçimi zamanı diqqət etməli olduqları məqamları açıqlayıb.
O bildirib ki, abituriyentlər ixtisas seçimində ən çox istədikləri ixtisası birinci yerdə yazmalıdırlar.
Məleykə Abbaszadənin sözlərinə görə, gənclər gələcəkdə sevəcəkləri peşə ilə məşğul olmağa imkan verəcək ixtisası seçməlidirlər:
«“Elə bir təhsil almalısınız ki, gələcəkdə sevdiyiniz peşə ilə məşğul olasınız. Özünüzə sual verin: Niyə məhz bu peşəni seçirsiniz? Ola bilər ki, həmin peşə cəmiyyətdə yüksək nüfuza malikdir. Lakin düşünməlisiniz ki, seçdiyiniz ixtisas gələcəkdə sizə sevdiyiniz işi təqdim edəcək, yoxsa yox”.»
DİM sədri qeyd edib ki, ixtisas seçimi zamanı hər bir abituriyentin və ailənin fərdi imkanları və məhdudiyyətləri nəzərə alınmalıdır. Onun sözlərinə görə, bəzi ailələr gəncin ali təhsildən sonra dərhal əmək fəaliyyətinə başlamasını, digərləri isə təhsilini davam etdirməsini istəyir. Həmçinin övladının başqa şəhərdə təhsil almasını istəməyən valideynlər də var.
Məleykə Abbaszadə vurğulayıb ki, abituriyent öz topladığı bala, şəxsi istəyinə və ailəsinin imkanlarına uyğun olaraq ən əlverişli seçimi müəyyənləşdirməlidir.
O, həmçinin gələcək əmək bazarının tələblərinin nəzərə alınmasının vacibliyini diqqətə çatdırıb:
«“İndi qərar qəbul edirsiniz, 5-10 ildən sonra isə sizi nələrin gözlədiyini düşünməlisiniz”.»
DİM sədri abituriyentlərə seçdikləri ixtisas üzrə gələcəkdə hansı sahələrdə işləyə biləcəklərini və həmin peşəyə əmək bazarında tələbatın necə dəyişə biləcəyini əvvəlcədən araşdırmağı tövsiyə edib.
O bildirib ki, bəzi ixtisaslara gələcəkdə tələbat azala bilər. Məleykə Abbaszadə nümunə olaraq qeyd edib ki, 10 il əvvəl “Gömrük işi” ixtisası mövcud olub, hazırda isə gömrük orqanlarında müxtəlif istiqamətlər üzrə mütəxəssislər çalışa bilirlər.
Qanuntv.az





