
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb.
Qanuntv.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.
Bu mərhələdə 22 ailənin, ümumilikdə 102 nəfərin Xankəndi şəhərinə köçürülməsi həyata keçirilir.
Xankəndiyə köç edən ailələr indiyədək Azərbaycanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşıblar.
Doğma yurda qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Sakinlər torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşən Azərbaycan Ordusunun hərbçilərinə, qəhrəman əsgər və zabitlərə minnətdarlıqlarını ifadə edib, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışı davam etdirilir.





