
Bakıda və Sumqayıtda dənizdə çimərkən iki nəfər batma təhlükəsi ilə üzləşib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, hadisələr Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində və Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində nəzarətsiz çimərlik ərazilərində qeydə alınıb.
Məlumat daxil olduqdan dərhal sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerlərinə cəlb olunublar.
Əməliyyat nəticəsində 1997-ci il təvəllüdlü Cəfər Fikrət oğlu Əlizadə Nardaran qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 2 kilometr məsafədə, 1996-cı il təvəllüdlü Ceyhun Hüseyn oğlu Quliyev isə H.Z.Tağıyev qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 300 metr aralıda təhlükəli vəziyyətdə aşkarlanaraq dalğıc-xilasedicilər tərəfindən xilas ediliblər.
Hər iki şəxs təhlükəsiz şəkildə sahilə çıxarılıb və onların həyatını xilas etmək mümkün olub.
FHN vətəndaşlara bir daha müraciət edərək çimərlik mövsümündə yalnız nəzarət olunan, xilasedici məntəqələri fəaliyyət göstərən çimərliklərdən istifadə etməyi, təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tövsiyə edib. Qeyd olunub ki, nəzarətsiz ərazilərdə dənizə daxil olmaq insan həyatı üçün ciddi təhlükə yarada bilər.





