
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə həyata keçirilən kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il itkin düşmüş 1954-cü il təvəllüdlü Timofeyeva Lyudmila Veniaminovnanın qəsdən öldürüldüyü müəyyən edilib.
Qanuntv.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilib.
İbtidai istintaq zamanı toplanmış sübutlarla 1994-cü il təvəllüdlü Məmmədov Elnur Həsən oğlunun 2025-ci ilin iyul ayında anası Lyudmila Timofeyeva ilə aralarında yaranmış mübahisə zamanı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən birgə yaşadıqları fərdi yaşayış evində ona çoxsaylı yumruq və təpik zərbələri vurduğu müəyyən edilib.
Nəticədə qadına sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirildiyi və həmin xəsarətlərdən öldüyü ehtimal olunur. Daha sonra Elnur Məmmədovun anasının meyitini yaşadıqları evin həyətində basdırdığı müəyyənləşdirilib.
İş üzrə keçirilən prosessual hərəkətlər, o cümlədən hadisə yerinə baxış zamanı Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin ekspertlərinin iştirakı ilə evin həyətində qazıntı işləri aparılıb. Qazıntı zamanı insan skeleti aşkar edilərək götürülüb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Toplanmış sübutlar əsasında Elnur Məmmədov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və ona ittiham elan edilib.
Hazırda cinayət işi üzrə hadisənin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Baş Prokurorluq tərəfindən bildirilib ki, ötən illərdən bağlı qalmış cinayət işlərinin, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması daim diqqətdə saxlanılır və aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlər davam etdirilir.





