
İki gün ərzində Azərbaycanda iki mina partlayışı baş verib və nəticədə üç mülki şəxs xəsarət alıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkə hesabında məlumat yayıb.
XİN-in məlumatına görə, 2020-ci ildə başa çatan müharibədən sonra Azərbaycanda mina partlayışları nəticəsində 436 nəfər zərər çəkib.
Nazirlik qeyd edib ki, son mina hadisələri münaqişənin ölümcül mirasının hələ də insanların həyatını təhdid etdiyini bir daha nümayiş etdirir.
Bildirilib ki, mina təhlükəsi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə mane olmaqla yanaşı, məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışına da ciddi əngəl yaradır.
XİN vurğulayıb ki, mina və partlamamış hərbi sursatlar Azərbaycan üçün müharibədən sonra da davam edən ciddi humanitar təhlükə olaraq qalır.





