
Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında statistika sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm sənəd təsdiqlənib.
Qanuntv.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, 2026-cı il iyunun 2-də Minsk şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Belarus Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.
Sənədə əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Bununla yanaşı, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Belarus Respublikası Hökumətinə bildiriş göndərilməsi tapşırılıb.
Sözügedən memorandum iki ölkənin statistika sahəsində qarşılıqlı əməkdaşlığının inkişaf etdirilməsi, təcrübə və məlumat mübadiləsinin gücləndirilməsi baxımından əhəmiyyətli sənədlərdən biri kimi qiymətləndirilir.
Qanuntv.az





