
Rusiyanın Moskva vilayəti son dövrlərin ən kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumlarından birinə məruz qalıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat yayıb.
Qubernatorun sözlərinə görə, gecə ərzində Domodedovo, Podolsk, Stupino, Odintsovo, Naro-Fominsk, Ramenskoye, Çexov, Kolomna, Kaşira və Yeqoryevsk ərazilərində 187 PUA zərərsizləşdirilib.
Hücum nəticəsində Podolsk şəhərində üç nəfər xəsarət alıb və onlara tibbi yardım göstərilib.
Moskva vilayətində gecə saatlarında baş verən PUA hücumu nəticəsində Ramenskoye bələdiyyə dairəsində 83 yaşlı kişi də həyatını itirib.
Hadisə nəticəsində bir sıra obyektlərə ziyan dəyib. Kaşirada polis şöbəsinin yeni binası zədələnib, Voskresenskdə sənaye obyektinin bəzi qurğularına zərər dəyib. Domodedovoda dərman anbarında yanğın baş verib.
Bundan əlavə, Podolsk şəhərində “Wildberries” anbarında yanğın qeydə alınıb. Qubernatorun bildirdiyinə görə, hücum zamanı anbarın bütün əməkdaşları təhlükəsizlik məqsədilə sığınacağa təxliyə olunub və həmin hadisə nəticəsində xəsarət alan olmayıb.
Hadisələrin səbəb olduğu ziyanın miqyası və digər detalların müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.





