
ABŞ hakimiyyəti uşaqlarının ölkə ərazisində doğulması yolu ilə Amerika vətəndaşlığı əldə etməyə yönəlmiş “doğuş turizmi” ilə mübarizə çərçivəsində daha 150 xarici vətəndaşın vizasını ləğv edib.
Qanuntv.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Tommi Piqott məlumat verib.
Onun sözlərinə görə, vizaların ləğvi “doğuş turizmi” ilə mübarizə məqsədilə xüsusi bölmənin yaradılmasının elan edilməsindən sonra son bir neçə gün ərzində həyata keçirilib.
Piqott bildirib ki, söhbət ABŞ-yə əsas məqsədi uşaq dünyaya gətirmək və onun ölkə vətəndaşlığını əldə etməsini təmin etmək olan şəxslərdən gedir. Onun sözlərinə görə, bu sxemlərdə iştirak edən şəxslərin bir qismi ABŞ-yə qısamüddətli səfər məqsədilə viza alsa da, ölkədə daha uzun müddət qalır və tibbi xərcləri ödəməkdən yayınmaq üçün vasitəçilərin xidmətlərindən istifadə edir.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio “doğuş turizmi” ilə mübarizə aparmaq məqsədilə xüsusi bölmənin yaradıldığını açıqlamışdı. Həmin vaxt 600 vizanın ləğv edildiyi bildirilmişdi. Son 150 vizanın da ləğvindən sonra geri götürülən vizaların ümumi sayı 750-yə çatıb.
Ekspertlər xəbərdarlıq edirlər ki, hamilə qadının ABŞ-yə səfərinin əsl məqsədini gizlətdiyinə dair şübhələr yaranarsa, onun ölkəyə girişinə icazə verilməyə və qanunvericilikdən asılı olaraq digər immiqrasiya tədbirləri ilə üzləşə biləcəyi bildirilir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl uşağın ABŞ-də doğulması yolu ilə vətəndaşlıq əldə edilməsinə məhdudiyyətlər gətirən sərəncam imzalayıb. Sənəddə nəzərdə tutulan tədbirlər sırasında ölkəyə girişdən imtina və vizanın ləğvi kimi addımlar yer alır.
ABŞ Dövlət Departamenti bu istiqamətdə mümkün pozuntuları müəyyənləşdirmək məqsədilə xüsusi bölmə yaradıb.





