
Almaniyanın Heydelberq şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatında Azərbaycan idmançısı İlham Zəkiyev (J1, +95 kq) qızıl medal qazanıb.
Qanuntv.az xəbər verir ki, ikiqat Paralimpiya çempionu olan İlham Zəkiyev yarımfinal mərhələsində Böyük Britaniya təmsilçisi Daniel Englişlə qarşılaşıb və rəqibinə ipponla qalib gələrək finala vəsiqə qazanıb.
Final görüşündə isə təcrübəli paracüdoçu ispaniyalı Qarros Suarez üzərində də ipponla qələbə qazanaraq Avropa çempionu tituluna sahib olub.
Bu nəticə ilə İlham Zəkiyev karyerasında 10-cu dəfə Avropa çempionu adını qazanaraq Azərbaycan idman tarixində növbəti uğura imza atıb.
Qeyd edək ki, qitə çempionatında Azərbaycan millisinin digər üzvləri Saleh Sultanov (J1, 81 kq) və Dürsədəf Kərimova (J2, +70 kq) bürünc medal əldə ediblər.





