
Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində güləş üzrə U-20 Avropa çempionatına start verilib. Yarışın ilk günündə yunan-Roma güləşi üzrə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində finalçılar müəyyənləşib.
Qanuntv.az xəbər verir ki, Azərbaycan milli komandası çempionatın açılış gününü uğurla başa vuraraq üç çəki dərəcəsində finala vəsiqə qazanıb.
55 kiloqram çəki dərəcəsində mübarizə aparan Emin Cavadlı inamlı çıxışı ilə diqqət çəkib. O, ardıcıl olaraq türkiyəli Denizhan Ogünə 5:1, almaniyalı Lenni Vörnerə 16:5 və yunanıstanlı Vasileyos Papageorqiuya 9:0 hesabı ilə qalib gələrək finala yüksəlib. Təmsilçimiz qızıl medal uğrunda ermənistanlı Edqar Petrosyanla qarşılaşacaq.
63 kiloqram çəki dərəcəsində çıxış edən Tural Əhmədov isə 1/8 final mərhələsində gürcüstanlı Giorgi Tçikaidzeyə 0:9 hesabı ilə məğlub olaraq yarışla erkən vidalaşıb.
77 kiloqramda mübarizə aparan Cavidan Nehmətov uğurlu nəticələri ilə seçilib. O, finlandiyalı Luka Kayanneni 2:0, rusiyalı Nazar Berkovskini 8:0, türkiyəli Alkan Akaranı isə 3:1 hesabı ilə məğlub edərək finala yüksəlib. Cavidan çempionluq uğrunda ermənistanlı Samvel Terteryanla üz-üzə gələcək.
87 kiloqram çəki dərəcəsində Orxan Hacıyev də möhtəşəm çıxış nümayiş etdirib. Güləşçimiz almaniyalı Anton Buxholtsu 9:0, ukraynalı Vladislav Solodçuku 11:9, yarımfinalda isə israilli İtjak Nemsadzeyə 9:0 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. O, həlledici görüşdə rusiyalı Mixail Şkarinlə qarşılaşacaq.
130 kiloqram çəki dərəcəsində yarışa 1/4 final mərhələsindən başlayan Museyi-Kazım Hüseyn ermənistanlı Lyova Şuxyanı 2:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Lakin finala gedən yolda ukraynalı İvan Yankovskiyə məğlub olan təmsilçimiz bürünc medal uğrunda türkiyəli Üzeyir Bostanla qarşılaşacaq.
Beləliklə, Azərbaycan yunan-Roma güləşi millisi U-20 Avropa çempionatının ilk günündə üç final və bir bürünc medal şansı əldə etməklə uğurlu start verib.





