
Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən digər dövlət və hökumət başçıları Türkmənistanın “Avaza” Kompleksində iştirakçı ölkələrin milli stendləri ilə tanış olublar.
Qanuntv.az xəbər verir ki, Azərbaycan milli stendində ölkəmizin zəngin mədəni irsini, milli sənətkarlıq ənənələrini və incəsənət nümunələrini əks etdirən materiallar nümayiş etdirilir.
Stenddə Azərbaycan incəsənətinə dair kitablar, xalçaçılıq, keramika, kəlağayı və şəbəkə sənətinin nümunələri, eləcə də bu sənət sahələri haqqında ətraflı məlumat verən videoçarxlar təqdim olunur.
Ziyarətçilərə Azərbaycanın çoxəsrlik mədəniyyəti, milli mətbəxi, yerli məhsullardan hazırlanan nümunələr, onların hazırlanma üsulları və özünəməxsus xüsusiyyətləri barədə geniş məlumat verilir.
Milli stend Azərbaycanın tarixi-mədəni irsinin, ənənəvi sənətkarlıq sahələrinin və milli dəyərlərinin beynəlxalq auditoriyaya təqdim olunmasına xidmət edir.









