
ABŞ-də Venesuelanın sabiq prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Silıya Floresə qarşı yeni ittihamlar elan edilib. Onlar hakimiyyəti qoruyub saxlamaq məqsədilə siyasi rəqiblərə və ABŞ vətəndaşlarına işgəncə verilməsində iştirak etməkdə ittiham olunurlar.
Qanuntv.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ittiham aktına istinadən məlumat yayıb.
Məlumata görə, Maduro və Floresə qarşı qanunsuz narkotik dövriyyəsi ilə bağlı ittihamlardan əlavə, işgəncə vermək məqsədilə əlbir olmaq ittihamı da irəli sürülüb. Onlar yanvar ayından etibarən ABŞ-də həbsdə saxlanılırlar.
ABŞ prokurorluğunun iddiasına əsasən, 2013-cü ildə Venesuelada dövlət çevrilişinə cəhddə şübhəli bilinən hərbçinin həbsinə Maduro özü göstəriş verib. İttiham aktında bildirilir ki, dindirmə zamanı hərbi əks-kəşfiyyat əməkdaşları həmin hərbçini əl və ayaqlarından asaraq naqillərlə ona təxminən 20 zərbə endiriblər.
Sənəddə daha bir işgəncə hadisəsinin 2022-ci ildə baş verdiyi qeyd olunur. Belə ki, Venesuela sərhədində saxlanılan ABŞ vətəndaşı Maduroya qarşı sui-qəsd cəhdində ittiham edilib. İddialara görə, hərbi əks-kəşfiyyat əməkdaşları həmin şəxsə elektroşok vasitəsilə ağır işgəncələr veriblər.
Xatırladaq ki, yanvar ayında ABŞ xüsusi təyinatlıları Nikolas Maduro və Silıya Floresi saxlayaraq Nyu-Yorka aparıblar. Bundan sonra onların barəsində narkoterrorizm və digər cinayətlərlə bağlı ittihamlar irəli sürülüb.
İş üzrə məhkəmə baxışının 2027-ci ilin yayında başlanması nəzərdə tutulur. Maduro isə ona qarşı irəli sürülən ittihamları rədd edir və məhkəmədən onların ləğvini tələb edir.





