
Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər və torpaqlarımızın işğaldan azad edilməsi itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyənləşdirilməsi və onların axtarışının davam etdirilməsi üçün yeni imkanlar yaradıb.
Azərbaycan Prezidenti İlham Əliyev “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında keçirilən IV beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə bu məsələyə xüsusi diqqət çəkib.
Dövlət başçısı bildirib ki, Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində mühüm imkanlar yaranıb.
Prezidentin sözlərinə görə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyətini daha da genişləndirərək itkin düşmüş şəxslərin yerinin müəyyənləşdirilməsi, eləcə də kütləvi məzarlıqların aşkar olunması məqsədilə intensiv tədbirlər həyata keçirir.
İlham Əliyev qeyd edib ki, bu istiqamətdə görülən işlər itkin düşmüş vətəndaşların taleyinin müəyyənləşdirilməsi və onların ailələrinin illərdir gözlədiyi cavabların əldə olunması baxımından mühüm əhəmiyyət daşıyır.





