
Oktyabrın 5-də Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Dövlət başçısı, həmçinin yarışın ilk günündə 60 kiloqram çəki dərəcəsində dünya çempionu olan Azərbaycan cüdoçusu Əhməd Yusifovla görüşüb və onu qələbəsi münasibətilə təbrik edib.
Açılış mərasimi Azərbaycanın idman sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edən videoçarxın nümayişi ilə başlayıb. Tədbirdə Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxış ediblər.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirilib. Mərasim bədii proqramla davam edib və məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb.
Qeyd edək ki, Bakıda keçirilən dünya çempionatında 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparır. Azərbaycanı fərdi yarışlarda 24 cüdoçu təmsil edir. Yarış oktyabrın 11-də başa çatacaq.





