
Abşeron rayonunun Saray qəsəbəsində tələbənin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən Yaqub Məmmədova hökm oxunub.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Məmmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Saray qəsəbəsində baş verib. PAZ markalı avtobusla “Khazar” markalı avtomobilin toqquşması nəticəsində minik avtomobilində sərnişin olan 2005-ci il təvəllüdlü Cavidan Mirzəyev aldığı xəsarətlərdən həyatını itirib.
Məlumata görə, Türkiyənin Alanya Universitetində təhsil alan Cavidan Mirzəyev hadisə zamanı dostu Yaqub Məmmədovla birlikdə olub. C.Mirzəyev spirtli içki qəbul etdiyindən avtomobili Y.Məmmədovun idarə etdiyi bildirilib.
Həmçinin təqsirləndirilən şəxsin bundan əvvəl yol hərəkəti qaydalarını bir neçə dəfə kobud şəkildə pozduğu və sürücülük hüququndan məhrum edildiyi qeyd olunur.
İlkin məlumatlara əsasən, onlar hadisə zamanı Bakıdakı gecə klublarından birindən qayıdırmışlar.





