
Kənd təsərrüfatında fermerlər üçün yeni subsidiya və dövlət dəstəyi mexanizmləri tətbiq ediləcək. Müasir suvarma sistemlərindən istifadə edən təsərrüfatlara, ərzaqlıq buğda istehsalçılarına, bağçılıq və heyvandarlıq sahələrinə əlavə maliyyə dəstəyi göstəriləcək.
Qanuntv.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Aqrar Biznes Festivalı” çərçivəsində keçirilən “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsində deyib.
Nazirin sözlərinə görə, əvvəllər dəmyə, səthi və klassik suvarma ilə becərilən sahələrə hektarına 200 manat subsidiya ödənilirdisə, müasir suvarma sistemləri ilə təmin olunan sahələrdə bu məbləğ ixtisaslaşmış rayonlarda 400 manata çatdırılacaq.
Müasir suvarma altında ərzaqlıq buğda istehsal edən fermerlərə də əlavə subsidiya veriləcək. İxtisaslaşmış rayonlarda buğdanın tonuna 100 manat əlavə subsidiya nəzərdə tutulur. Bunun üçün istehsal olunan məhsulun laboratoriyada ərzaqlıq buğda kimi təsdiqlənməsi və emala təhvil verilməsi tələb olunacaq.
Bundan başqa, ixtisaslaşmış rayonlarda istehsal olunan ərzaqlıq buğdanı emal müəssisələrinə təhvil verən digər istehsalçılara da tonuna əlavə 50 manat subsidiya ödənilməsi nəzərdə tutulur.
Bağçılıq sahəsində də yeni dəstək mexanizmləri tətbiq olunacaq. Azad edilmiş ərazilərdə və Naxçıvanda müxtəlif meyvə növlərinin əkilməsi üçün birdəfəlik subsidiyalar veriləcək. Bu istiqamətdə fermerlərə hektarına 2-3 min manatdan başlayaraq 20 min manatadək dövlət dəstəyi göstərilməsi nəzərdə tutulur.
Nazir bildirib ki, texnika, müasir suvarma sistemləri, qoşqular, örtülü hava depoları və silolar üçün də güzəştlər artırılacaq. Əvvəllər tətbiq olunan 40 faizlik güzəşt 50 faizə, yerli istehsal olunan müasir suvarma sistemləri üzrə isə 60 faizə qədər yüksəldiləcək.
İstixanalar üçün də yeni dəstək mexanizmləri nəzərdə tutulub. Yerli istehsal olunan metal konstruksiyalara və şüşələrə 20 faizlik dövlət güzəşti tətbiq ediləcək. Bundan əlavə, müxtəlif istixana növlərinə görə hektar hesabı subsidiya verilməsi planlaşdırılır.
Heyvandarlıq sahəsində də subsidiyalar artırılacaq. Ölkəyə idxal olunan dişi heyvanlara illik 500 manat, həmin heyvanlardan doğulan və Azərbaycanda yetişdirilərək sürü dövriyyəsini təmin edən yeni cins heyvanlara isə 800 manat subsidiya verilməsi nəzərdə tutulur.
Yeni investisiya edən və ferma tikən sahibkarlara da əlavə dəstək göstəriləcək. Yeni yaradılan südçülük təsərrüfatlarında hər heyvana görə 1500 manat, ətçilik təsərrüfatlarında isə hər heyvana görə əlavə 1000 manat subsidiya veriləcək.
Süni mayalanma üzrə də mexanizmdə dəyişiklik ediləcək. Əvvəllər süni mayalanma nəticəsində doğulan hər buzova görə 100 manat subsidiya ödənilirdisə, yeni mexanizmdə bu məbləğ 75 manat olacaq. Lakin həmin buzovdan doğulacaq və sürünün davamlılığını təmin edəcək heyvanlar üçün 150 manat subsidiya nəzərdə tutulur.





