
Elektron pul köçürmələri ilə bağlı yeni qayda oktyabrın 1-dən qüvvəyə minir. Qaydaya əsasən, maliyyə institutlarının elektron köçürmələrlə bağlı məlumat və sənədləri təqdim etməli olduğu illik minimum məbləğ 20 000 manat müəyyən edilib.
Qanuntv.az xəbər verir ki, Maliyyə Monitorinqi Xidmətinin qərarına əsasən, müəyyən edilən 20 000 manatlıq hədd müştərinin hər növbəti elektron pul köçürməsi əməliyyatına da tətbiq olunacaq.
Qeyd olunur ki, bu qayda elektron pul köçürmələri üzrə məlumatların və zəruri sənədlərin maliyyə institutları tərəfindən təqdim edilməsi ilə bağlı tələbləri müəyyənləşdirir. Bu, avtomatik olaraq vətəndaşların ildə maksimum 20 000 manat pul köçürə bilməsi anlamına gəlmir.
Bundan başqa, öhdəlik daşıyan şəxslər müştərisi olan hüquqi şəxslərin benefisiar mülkiyyətçiləri barədə məlumatları 31 dekabr 2027-ci ilədək Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidirlər.
Yeni tələblərin əsas məqsədi maliyyə əməliyyatları üzrə şəffaflığın artırılması, məlumatların sistemləşdirilməsi və maliyyə monitorinqinin təkmilləşdirilməsidir.





