
Bakının Nizami rayonunda məktəbdən çıxaraq evə gedən məktəblinin bıçaqlı hücuma məruz qalaraq həyatını itirməsi ilə bağlı yeni təfərrüatlar məlum olub.
Məlumata görə, hadisənin əsasında sentyabrın 24-də şagirdlər arasında baş vermiş mübahisə dayanır. Davadan sonra hər iki şagird məktəbin direktor müavininin otağına aparılıb.
İddia olunur ki, həmin zaman şagirdlərdən biri stolun üzərindən qayçı götürərək sinif yoldaşına hücum edib. Ətrafdakı şəxslərin müdaxiləsi nəticəsində hücumun qarşısı alınıb.
Hadisənin davamında məktəbdən çıxaraq evə gedən şagird küçədə bıçaqlı hücuma məruz qalıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Baş verən hadisə həmin məktəbdə övladı və nəvəsi təhsil alan valideyn və yaxınlar arasında ciddi narahatlıq yaradıb. Onlar məktəbdə şagirdlərə nəzarətin gücləndirilməsini tələb edirlər.
Valideynlərdən biri məktəbdə nəzarət mexanizminin yetərli olmadığını bildirib və şagirdlərin üzərində təhlükəli əşyaların olub-olmamasına nəzarət edilməsinin vacibliyini vurğulayıb.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanıb. Hazırda hadisənin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində istintaq aparılır.





