
Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil müəssisələrinin rəhbərlərinə rəsmi tapşırıq göndərib.
Qanuntv.az xəbər verir ki, Agentliyin direktoru Eşqi Bağırovun Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və regional təhsil idarələrinə ünvanladığı sənəddə məktəblərdə müəllimlər, şagirdlər və valideynlər arasındakı münasibətlərdə “Təhsilverənlərin etik davranış Qaydaları”nın tələblərinə ciddi əməl olunmasının vacibliyi vurğulanıb.
Sənəddə müəllimlərin valideynlərdən və şagirdlərdən birbaşa və ya dolayı yolla hədiyyə, pul, qiymətli əşya və digər maddi və ya qeyri-maddi nemətlər istəməsinin və ya qəbul etməsinin qəti qadağan olunduğu bildirilib.
Həmçinin bu məqsədlə hər hansı təşəbbüs göstərilməsinin yolverilməz olduğu qeyd edilib və belə halların qarşısının dərhal alınması tələb olunub.
Məktəb rəhbərlərinə tapşırılıb ki, müəllimlər, şagirdlər və valideynlər arasında müvafiq tələblərlə bağlı maarifləndirmə işləri aparsınlar və etik davranış qaydalarına əməl olunmasına ciddi nəzarət etsinlər.
Bundan əlavə, təhsil müəssisələrində hər hansı pozuntu və ya neqativ halın baş verməməsi üçün zəruri tədbirlərin görülməsi rəhbərliklərdən tələb olunub.





