
Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında “Royad Məmmədov” adlı xarici yük gəmisinin dron hücumuna məruz qalması nəticəsində Azərbaycan vətəndaşı həlak olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, hücum nəticəsində gəminin kapitanı, 1974-cü il təvəllüdlü Rüstəm İsmayıl oğlu Həsənov həyatını itirib. Digər Azərbaycan vətəndaşı, 2002-ci il təvəllüdlü Məhəmməd Həmzə oğlu Süleymanzadə isə itkin düşüb. Hazırda onun axtarışı istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Gəminin heyətində olan digər Azərbaycan vətəndaşları xilas edilib. Onlardan üç nəfəri müxtəlif xəsarətlər səbəbilə xəstəxanaya yerləşdirilib.
XİN tərəfindən hadisə ilə bağlı Azərbaycanın diplomatik nümayəndəlikləri və aidiyyəti ölkələrin səlahiyyətli qurumları ilə koordinasiya işləri aparılır.
Həlak olan vətəndaşların cənazələrinin Azərbaycana gətirilməsi, xəsarət alanlara zəruri tibbi və konsulluq dəstəyinin göstərilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Xarici İşlər Nazirliyi həlak olan şəxslərin ailə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.
Qeyd olunub ki, Azərbaycan vətəndaşlarına hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, eləcə də riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinmək tövsiyə olunur.





