
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçı arasında telefon danışığı olub.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı Ceyhun Bayramov həmkarının bacısının vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verib, mərhumun ailəsinə və yaxınlarına səbir diləyib.
Söhbət zamanı Azərbaycan-İran münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Nazirlər, həmçinin regionda mövcud vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Regional sülh, sabitlik və təhlükəsizliyin təmin olunması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və regional əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.





