
“Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil. Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib. Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb”.
Qanuntv.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan bu günə qədər əldə etdiyi imkanların böyük hissəsini öz resursları hesabına formalaşdırıb.
“Nə almışıqsa, pulla almışıq. O cümlədən bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər”, - deyə Prezident vurğulayıb.
İlham Əliyev 2003-cü ildən etibarən Azərbaycanın hərbi imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
“Mən sizə tam məsuliyyətlə deyirəm, Ali Baş Komandan kimi, bütün bu məsələlərə rəhbərlik edən şəxs kimi. Bilirsiniz ki, 2003-cü ildən bu yana Azərbaycan nə qədər silahlanıb, həm yerli istehsalı yaradıb, həm xaricdən alıb”, - deyə dövlət başçısı bildirib.
Prezident qeyd edib ki, Azərbaycan silah və hərbi texnika alışı zamanı güzəştlər əldə etməyib, bəzi hallarda isə məhsulların dünya qiymətlərindən dəfələrlə baha satıldığını bildirib.
“Bir dəfə də bizə bir manat, bir dollar güzəşt etməyiblər. Hətta bəzən dünya qiymətindən bir neçə dəfə baha satıblar. Biz də məcbur olub buna göz yummuşuq. Ona görə bu, çox ciddi bir məsələdir”, - deyə İlham Əliyev əlavə edib.





