
Azərbaycanlı hərbçi Nəsimi Musayevin Ermənistan ərazisinə keçərək saxlanılması ilə bağlı araşdırmalar davam edir. Onun Azərbaycana qaytarılıb-qaytarılmayacağı məsələsi də gündəmdədir.
Qanuntv.az xəbər verir ki, mövzu ilə bağlı Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, hərbçinin Azərbaycana qaytarılması məsələsi hüquqi və diplomatik təmaslar çərçivəsində həll oluna bilər.
Hüquqşünasın sözlərinə görə, sərhədin səhvən keçilməsi ilə bağlı oxşar hallar əvvəllər də baş verib. O, 2022-ci ildə yolu azaraq Azərbaycana keçən Ermənistan hərbçilərinin geri qaytarıldığını, 2024-cü ildə isə Ermənistan tərəfinə keçən Azərbaycan hərbçisi Ruslan Pənahov barəsində cinayət işinə xitam verildiyini və onun Azərbaycana qaytarılması barədə qərar qəbul edildiyini xatırladıb.
Ə.Nuriyev qeyd edib ki, Ermənistan ərazisində saxlanılan hərbçiyə qarşı irəli sürülən iddialar obyektiv şəkildə araşdırılmalı və yalnız sübutlarla təsdiqlənməlidir.
Onun sözlərinə görə, Nəsimi Musayevə dərhal vəkil və peşəkar tərcüməçi təqdim edilməli, vəkillə məxfi görüşünə və ailəsi ilə əlaqə saxlamasına şərait yaradılmalıdır. Həmçinin onun səhhətinin müstəqil həkim tərəfindən yoxlanılması və mümkün pis rəftar hallarının araşdırılması vacibdir.
Hüquqşünas hesab edir ki, prosesdə beynəlxalq qurumların iştirakı da mühüm əhəmiyyət daşıya bilər. O, Azərbaycan tərəfinin hərbi qulluqçunun hüquqlarının qorunması və Azərbaycana qaytarılması ilə bağlı hüquqi təmasları davam etdirməli olduğunu vurğulayıb.
Ə.Nuriyev həmçinin bildirib ki, hərbi qulluqçunun Ermənistan ərazisində saxlanılması avtomatik olaraq onun hərbi əsir statusu daşıması anlamına gəlmir. Bu statusun tətbiqi hadisənin konkret şəraitindən və beynəlxalq humanitar hüququn tələblərindən asılıdır.
Hüquqşünasın qənaətinə görə, hazırkı mərhələdə əsas məsələ hərbçinin təhlükəsizliyinin və hüquqlarının təmin olunması, vəkillə və ailəsi ilə əlaqə imkanının yaradılması, eləcə də hadisənin şəffaf və obyektiv araşdırılmasıdır.
O qeyd edib ki, tərəflər arasında nəticəyə yönəlmiş hüquqi və diplomatik təmaslar aparılarsa, hərbçinin Azərbaycana qaytarılması məsələsinin də danışıqlar yolu ilə həll edilməsi mümkündür.





