
Qara dənizdə, Rumıniyanın ərazi sularından kənarda, “Royad Mammadov” yük gəmisində güclü yanğın baş verib. Hadisə nəticəsində gəmi daha sonra batıb, iki ekipaj üzvü həyatını itirib, 11 nəfər isə xilas edilib.
Hadisə Rumıniyanın müstəsna iqtisadi zonasında, Sfantu-Georgedən təxminən 30 dəniz mili cənubda baş verib. Rumıniya Daxili İşlər Nazirliyinin məlumatına görə, xilasetmə əməliyyatına sahil mühafizəsi və helikopterlər cəlb olunub. Yaralı heyət üzvlərindən bəziləri tibbi yardım üçün xəstəxanaya çatdırılıb.
“Royad Mammadov” taxıl, o cümlədən qarğıdalı daşıyırmış. Gəmi Ukraynanın İzmail limanından yola çıxaraq İtaliyanın Ravenna limanına istiqamətlənib. Gəmi Sent-Kits və Nevis bayrağı altında üzürdü və Türkiyəyə məxsus şirkət tərəfindən idarə olunurdu.
Ukrayna Prezidenti Volodimir Zelenski gəminin iki Rusiya dronu tərəfindən vurulduğunu bildirib. Onun sözlərinə görə, gəmidə Azərbaycan və Hindistan vətəndaşları olub. Bununla belə, Rumıniya rəsmiləri hadisənin səbəbini və hücumun kim tərəfindən həyata keçirildiyini rəsmi şəkildə açıqlamayıb.
Qeyd edək ki, “Royad Mammadov” gəmisi 44 günlük Vətən müharibəsi şəhidi Röyad Məmmədovun adını daşıyır. Gəminin adı 2022-ci ildə dəyişdirilərək şəhidimizin adı verilib.





