
Türkiyədə hakimlərlə bağlı aparılan istintaq çərçivəsində daha iki hakim saxlanılıb.
Qanuntv.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə aparılan “Hakemlər işi” üzrə Super Liqa hakimi Yasin Kol və köməkçi hakim Göktuğ Hazar Erel barəsində saxlanılma tədbiri həyata keçirilib.
Məlumata görə, onların saxlanılması İstanbulda aparılan istintaq çərçivəsində toplanmış rəqəmsal materialların və digər məlumatların araşdırılmasından sonra həyata keçirilib.
Türkiyə mətbuatında yayılan məlumatlara əsasən, Yasin Kol və Göktuğ Hazar Erel 7258 saylı qanunun pozulması, rəsmi sənədlərdə saxtakarlığa iştirak və vəzifədən sui-istifadə ilə bağlı ittihamlarla əlaqədar saxlanılıblar.
Yasin Kol saxlanılmasından əvvəl Trabzonda “Trabzonspor” və “Drogheda United” komandaları arasında keçirilən yoldaşlıq görüşündə baş hakim kimi fəaliyyət göstərib. Hər iki hakimin həmin qarşılaşmadan sonra saxlanıldığı bildirilib.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğunun apardığı “Hakemlər işi” çərçivəsində bundan əvvəl də Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakimlər Komitəsinin rəhbəri və digər vəzifəli şəxslər daxil olmaqla bir sıra şəxslər saxlanılıb. İstintaq davam edir.





