
Azərbaycan hərbçisi naməlum şəraitdə Ermənistan ərazisinə keçib və Sünik vilayətinin Şəki kəndində saxlanılıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Ermənistan tərəfinin məlumatına görə, oktyabrın 1-də saat 14:15-də Şəki kəndində Ermənistan vətəndaşının ayağından güllə yarası alması barədə polisə məlumat daxil olub. Ermənistan MTX-si hadisəni Azərbaycan hərbçisinin törətdiyini və onun saxlanıldığını bildirib. Hadisə ilə bağlı Ermənistan İstintaq Komitəsində cinayət icraatına başlanıldığı, məlumatın Azərbaycan tərəfinə də təqdim edildiyi qeyd olunub.
Azərbaycan Baş Prokurorluğunun məlumatına əsasən isə söhbət Laçın istiqamətində hərbi hissədə xidmət edən Nəsimi Musayev Rasim oğlundan gedir. Bildirilib ki, sentyabrın 26-da onun xidmət yerində olmaması ilə əlaqədar axtarış tədbirlərinə başlanılıb. Araşdırma zamanı hərbçinin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib və faktla bağlı cinayət işi başlanılıb.
Hazırda hərbçinin Ermənistan ərazisinə necə keçməsi və hadisənin digər təfərrüatları ilə bağlı araşdırma aparılır.





