
Londondan İstanbula uçan “AJet” aviaşirkətinə məxsus təyyarədə sərxoş sərnişin insident yaradıb.
Qanuntv.az xəbər verir ki, hadisə London Stansted–İstanbul Sabiha Gökçen reysini həyata keçirən VF-1990 saylı təyyarədə baş verib. “AJet”in açıqlamasına görə, xarici ölkə vətəndaşı olan sərnişin uçuş zamanı yanında oturan qadın sərnişini narahat edib.
Kabin heyətinin müdaxiləsinə və xəbərdarlıqlarına baxmayaraq, sərnişin davranışını davam etdirib. Daha sonra ona müdaxilə edən kabin əməkdaşını və digər sərnişini dişləyərək yaralayıb.
Bunun ardından ekipaj uçuş təhlükəsizliyi prosedurlarına uyğun olaraq sərnişini uçuşun sonuna qədər zərərsizləşdirib.
Təyyarə İstanbulun Sabiha Gökçen Hava Limanına endikdən sonra sərnişin polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisə zamanı xəsarət alan kabin əməkdaşı və sərnişin həmin şəxsdən şikayətçi olublar.
“AJet” sərnişini şirkətin uçuş təhlükəsizliyi siyasətinə uyğun olaraq qara siyahıya salıb və onun aviaşirkətin reyslərindən istifadəsinə qadağa qoyub.





