
Şamaxıda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzasının təfərrüatı məlum olub.
Qanuntv.az xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunun Mirzə Ələkbər Sabir qəsəbəsində, köməkçi yolda qeydə alınıb.
Yaxınlarının sözlərinə görə, 1961-ci il təvəllüdlü Elmira Əliyeva Bakıda yaşayıb. O, bacısı nəvəsinin hərbi xidmətə yola salınması üçün Şamaxıya gəlib.
Hadisə qadın qohumlarının evindən qayıdarkən yolu keçmək istədiyi zaman baş verib.
Məlumata görə, Şamaxı sakini Aytac Bəkirovanın idarə etdiyi avtomobil yolu keçən Elmira Əliyevanı vurub. Zərbənin təsirindən piyada bir neçə metr kənara düşüb. Ağır xəsarət alan qadın hadisə yerində həyatını itirib.
Mərhumun qohumu hadisə anını belə xatırlayıb:
“Yoldan keçirdim, qəzanı görüb maşını saxladım. Hadisə yerinə yaxınlaşanda gördüm ki, yerdə uzanan şəxs bibimdir. Mən gələndə artıq həyatını itirmişdi”.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.





