
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə bu ölkənin Yaranması Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Qanuntv.az xəbər verir ki, dövlət başçısı məktubunda Si Cinpini və onun simasında Çin xalqını Azərbaycan xalqı adından təbrik edib, ən xoş arzularını çatdırıb.
Prezident İlham Əliyev Çinin milli rifah, sosial-iqtisadi və elmi-texniki tərəqqi, innovativ inkişaf və digər sahələrdə qazandığı nailiyyətlərin böyük rəğbət doğurduğunu bildirib.
Dövlət başçısı Azərbaycan-Çin münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verildiyini qeyd edib. Məktubda iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun, qarşılıqlı etimad və anlaşmanın formalaşdığı, dövlətlərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə davamlı dəstək göstərdiyi vurğulanıb.
İlham Əliyev dövlətlərarası əlaqələrin yeni tarixi mərhələyə – hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini qəti siyasi iradənin və birgə səylərin nəticəsi kimi qiymətləndirib.
Məktubda son dövrdə Azərbaycan və Çin arasında iqtisadi-ticari, nəqliyyat-logistika, sərmayə, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdiyi qeyd olunub. Ölkələr arasında vizasız gediş-gəliş rejiminin tətbiqinin insanlararası əlaqələrə və turizmin inkişafına təkan verdiyi bildirilib.
Prezident Azərbaycanın “Kəmər və yol” təşəbbüsünə, o cümlədən Orta Dəhliz və Mərkəzi Asiya ölkələri ilə həyata keçirilən digər bağlantı layihələrinə dəstək verdiyini bildirib.
Enerji sahəsində əməkdaşlığa da toxunan dövlət başçısı Çinin “Universal Energy” şirkətinin Azərbaycanda bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələri qeyd edib. Məktubda şirkətin inşa etdiyi “Qobustan” Günəş Elektrik Stansiyasının açılışının Azərbaycan-Çin iqtisadi əlaqələrinin şaxələndirilməsinin nümunəsi olduğu vurğulanıb.
İlham Əliyev Azərbaycan-Çin dostluq münasibətlərinin və hərtərəfli strateji tərəfdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Dövlət başçısı Si Cinpinə möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətində uğurlar, Çin xalqına isə əmin-amanlıq, rifah və firavanlıq arzulayıb.





