
Cəlilabad rayonunda arxeoloji tədqiqatlar zamanı elmə məlum olmayan yeni yaşayış məskəni – Oğlantəpə abidəsi aşkar edilib.
Qanuntv.az xəbər verir ki, abidə Təklə kəndi ərazisində arxeoloqlar tərəfindən aparılan kəşfiyyat xarakterli tədqiqatlar zamanı üzə çıxarılıb.
İlkin araşdırmalar zamanı ərazidən Orta əsrlərə aid saxsı nümunələri ilə yanaşı, əsasən İlk Tunc dövrünə aid maddi mədəniyyət nümunələri də aşkarlanıb. Tapıntılar arasında saxsı qab fraqmentləri və müxtəlif daş əşyalar yer alır.
Mütəxəssislərin bildirdiyinə görə, Oğlantəpə abidəsinin sistemli və genişmiqyaslı şəkildə öyrənilməsi Muğan bölgəsində İlk Tunc dövrünə aid yaşayış məskənlərinin yayılma arealının daha dəqiq müəyyənləşdirilməsinə mühüm töhfə verə bilər.
Arxeoloji tapıntıların gələcək tədqiqatlar nəticəsində bölgənin qədim tarixinin və maddi-mədəni irsinin öyrənilməsi baxımından yeni məlumatlar ortaya çıxaracağı gözlənilir.







