
İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr bölgəsində hərbçilərlə silahlı şəxslər arasında silahlı toqquşmaların baş verdiyi bildirilir.
Qanuntv.az xəbər verir ki, yerli mənbələrin məlumatına görə, İranşəhrin Qəribabad bölgəsində təxminən iki saat davam edən atışmalar zamanı yüngül və yarımağır silahlardan istifadə olunub.
Məlumata əsasən, hadisə yerinə silahlı qüvvələrə məxsus çoxsaylı avtomobillər, zirehli texnika və bir tank cəlb edilib. Hərbi qüvvələrin pilotsuz uçuş aparatından da istifadə etdiyi iddia olunur.
Bölgəyə aparan yolların hərbçilər tərəfindən bağlandığı bildirilir.
Daha əvvəl yayılan məlumatlarda isə İranşəhrdə atışma səslərinin eşidildiyi və silahlı şəxslərin şəhər istiqamətində hərəkət etdiyi iddia olunmuşdu. Həmin şəxslərin “Ceyş əl-Ədl” qruplaşmasının üzvləri olduğu barədə məlumatlar yayılıb.
Hazırda hadisə ilə bağlı ölən və yaralananların sayı barədə rəsmi məlumat açıqlanmayıb. Məlumatlar yerli mənbələrə əsaslandığından, hadisənin təfərrüatları və tərəflərin kimliyi ilə bağlı əlavə rəsmi açıqlamaların verilməsi gözlənilir.





