
Bakının mərkəzi küçələrində avtomobillərin hərəkətinə tətbiq olunan məhdudiyyətlərin əhatə dairəsi genişləndirilir.
Qanuntv.az xəbər verir ki, paytaxtın mərkəzi küçələrində iki ildən artıq müddətdir həftəsonları tətbiq olunan avtomobil hərəkəti məhdudiyyəti artıq həftənin bütün günlərini əhatə edəcək.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məhdudiyyətlər Zərifə Əliyeva küçəsinin Rəsul Rza küçəsi ilə kəsişməsindən sonrakı hissəsinə, həmçinin Əbdülkərim Əlizadə, Hacı Zeynalabdin Tağıyev, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrinə şamil olunacaq.
Qeyd olunub ki, qərarın əsas məqsədi şəhər mərkəzində piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək, ekoloji mühitin yaxşılaşdırılmasına nail olmaq, eləcə də ərazinin turizm və biznes potensialını artırmaqdır.





