
Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibi Raffaella Culiani ilə görüş keçirib.
Qanuntv.az xəbər verir ki, görüşdə Raffaella Culiani Azərbaycan nümayəndə heyətinin iştirakını böyük sevinc hissi ilə qarşıladıqlarını bildirib.
Görüş zamanı Azərbaycan ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası arasında əməkdaşlığın nəticəsi olaraq ərsəyə gələn “Mədəniyyətlər körpüsü” (“Pontes Culturae”) kitabı barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bu tərəfdaşlığın əsası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və kardinal Canfranko Ravazi tərəfindən qoyulub.
Raffaella Culiani Azərbaycan tərəfi ilə qurulan dostluq və əməkdaşlıq münasibətlərinin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. O, Mehriban Əliyevanın görülən işlərlə daim yaxından maraqlandığını xüsusi vurğulayıb.
Görüşdə katakombaların bərpası ilə yanaşı, yeni restavrasiya layihələrinin həyata keçirilməsi imkanları da müzakirə olunub. Bu istiqamətdə gələcək layihələrə daha çox tələbə və mütəxəssisin cəlb edilməsi, həmçinin Azərbaycanda yerləşən müxtəlif kilsələrdə peşəkar mütəxəssislərin çalışması ilə bağlı məsələlər diqqətə çatdırılıb.
Azərbaycanın müsəlman ölkəsi olaraq xristian irsinin qorunması və bərpasında göstərdiyi rol yüksək qiymətləndirilib. Bildirilib ki, bu əməkdaşlıq, xüsusilə katakombaların bərpası istiqamətində həyata keçirilən birgə fəaliyyət tolerantlıq, sülh və mədəniyyətlərarası dialoqun mühüm nümunəsidir.
Görüşdə Azərbaycan və Vatikan arasında mədəni irsin qorunması sahəsində əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.






