
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan cəmiyyətində revanşist düşüncələrin, o cümlədən gənclər arasında bu meyillərin mövcudluğunun narahatlıq doğurduğunu bildirib.
Hikmət Hacıyev bu fikirləri CAMCA (Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstan) Regional Forumunda çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, Ermənistan cəmiyyətində revanşist qüvvələr hələ də kifayət qədər təsirə malikdir və müxtəlif səslər eşidilir.
Prezidentin köməkçisi xüsusilə revanşizmin Ermənistan gəncləri arasında fəal olmasının narahatlıq doğurduğunu vurğulayıb.
“Çünki seçkidə Robert Koçaryan və Samvel Karapetyanın əsas seçici kütləsi Ermənistan gəncləri idi. Təəssüf ki, onlar hələ də revanşizm prizmasından düşünürlər və bu, narahatlıq doğurur”, – deyə Hikmət Hacıyev bildirib.
O, Ermənistan hökumətini öz xalqını sülhə hazırlamaq istiqamətində daha ciddi fəaliyyət göstərməyə çağırıb.
Hikmət Hacıyev Azərbaycanın sülh gündəliyini davam etdirmək, onu praktiki müstəvidə möhkəmləndirmək və həm Azərbaycan, həm də Ermənistan xalqları üçün uzunmüddətli sülh və sabitliyi təmin edəcək regional memarlıq formalaşdırmaq niyyətində olduğunu bildirib.
“Biz həmişə deyirik ki, bu sülhü yalnız Paşinyan hökuməti ilə, baş nazir Paşinyanla deyil, Ermənistan xalqı ilə bağlamaq istəyirik”, – deyə Prezidentin köməkçisi qeyd edib.
Hikmət Hacıyev iki ölkə arasında ticarət əlaqələrinin də mövcud olduğunu diqqətə çatdırıb.
O bildirib ki, bir neçə il əvvəl təsəvvür belə edilməyən bəzi addımlar hazırda praktiki olaraq həyata keçirilir.
“Ticarət əlaqələri, biznes münasibətləri, iki ölkə arasında etimadın qurulması tədbirləri və s. Bunlar sülh quruculuğu istiqamətində Azərbaycanın atdığı addımlardır”, – deyə o vurğulayıb.





