
Azərbaycan qanunvericiliyinə “paraleqal” anlayışının daxil edilməsi təklif olunur.
Qanuntv.az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, paraleqal dövlət büdcəsindən ayrılmış vəsait hesabına ilkin hüquqi yardım göstərən, Vəkillər Kollegiyasının üzvü olmayan, müvafiq təlimi uğurla başa vuraraq sertifikat əldə edən və ixtisasartırma kurslarında mütəmadi iştirak edən ali təhsilli şəxsdir.
Paraleqal kimi fəaliyyət göstərmək istəyən ali təhsilli şəxslər bu məqsədlə Vəkillər Kollegiyasına müraciət etməlidirlər.
Qanun layihəsinə əsasən, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan, həmçinin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər paraleqal ola bilməzlər.
Müvafiq tələblərə cavab verən şəxs paraleqalların ilkin hazırlığı üzrə təlimi müvəffəqiyyətlə başa vuraraq sertifikat əldə etdikdən sonra bu statusu qazanacaq.
Paraleqalların ilkin hazırlıq təlimi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək. Vəkillər Kollegiyasının Rəyasət Heyəti təlimi uğurla başa vuraraq paraleqal statusu əldə edən şəxslərin reyestrini aparacaq.
Paraleqallar fəaliyyətlərini vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillə bağladıqları mülki hüquqi müqavilə əsasında həyata keçirəcəklər.
Onların xidmət haqqı qanunvericiliyin müvafiq tələbləri nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Paraleqallar ilkin hüquqi yardım zamanı əldə etdikləri məlumatların məxfiliyini qorumalı, həmçinin Vəkillər Kollegiyasının üzvlərinin ümumi yığıncağı tərəfindən qəbul edilmiş etik davranış qaydalarına riayət etməlidirlər.





