
Braziliya futbolunun əfsanəsi Romario Portuqaliya millisinin ulduz hücumçusu Kriştianu Ronaldu ilə baş məşqçi Jorji Jezuş arasında yaşandığı bildirilən qalmaqalla bağlı fikirlərini bölüşüb. O, Ronaldunun komandanı tərk etmək qərarını müdafiə edib və futbolçunun yol verdiyi səhvin getmək deyil, daha əvvəl mövqeyini sərt şəkildə ifadə etməmək olduğunu bildirib.
Qanuntv.az xəbər verir ki, Romario Ronaldunun UEFA Millətlər Liqasında Norveçlə qarşılaşmada ehtiyatda qalmasından sonra komandanı tərk etmək qərarını haqlı hesab edib.
Braziliyalı keçmiş futbolçu bildirib ki, əgər hadisələr Ronaldunun danışdığı kimi baş veribsə, portuqaliyalı ulduzun narazılığını bildirməsi tamamilə başadüşüləndir.
“Əgər kimsə verdiyi sözü tutmursa, bu, dürüst davranış deyil. Hər şey Ronaldunun dediyi kimidirsə, o, tamamilə haqlıdır. Çox güman ki, özünü dəyərsizləşdirilmiş, sanki artıq lazım olmayan biri kimi hiss edib və buna görə də getmək qərarına gəlib. Mən də eyni cür davranardım. Hətta qapını bərk çırpıb gedərdim. Onun səhvi getmək deyil. Səhvi belə bir insana daha əvvəl ‘cəhənnəm ol’ deməməsidir”, – deyə Romario vurğulayıb.
Romarionun açıqlaması futbol dünyasında futbolçularla baş məşqçilər arasındakı münasibətləri və komanda daxilində hörmət məsələsini yenidən gündəmə gətirib.





