
Azərbaycanda orta ixtisas təhsili müəssisələrinin fəaliyyətində dəyişikliklərin həyata keçirilməsi nəzərdə tutulur. Planlara əsasən, bəzi kolleclərin müvafiq universitetlərin tərkibinə daxil edilməsi, digərlərinin isə ləğv olunması məsələsi müzakirə edilir.
Qanuntv.az xəbər verir ki, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov AzEdu.az və Modern.az-a müsahibəsində danışıb.
Komitə sədri bildirib ki, kolleclərin profilinə uyğun ali təhsil müəssisələrinin tərkibində fəaliyyət göstərməsi ilə bağlı müəyyən işlər aparılır.
Anar İsgəndərov nümunə olaraq, Tibb Kollecinin Tibb Universitetinin, eləcə də Lənkəran Dövlət Universitetinin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin Aqrar Universitetinin tərkibində fəaliyyət göstərməsi ehtimalını qeyd edib. O, bu istiqamətdə müvafiq işlərin davam etdiyini vurğulayıb.
Komitə sədrinin sözlərinə görə, ali təhsil sahəsində aparılan dəyişikliklərin əsas məqsədlərindən biri Azərbaycan gənclərinin ölkə daxilində əldə etdikləri təhsillə xaricdə fəaliyyət göstərərkən əlavə problemlərlə üzləşməməsini təmin etməkdir.
O bildirib ki, minlərlə azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrində təhsil alır və çalışır. Buna görə də təhsil sistemində həyata keçiriləcək dəyişikliklər zamanı beynəlxalq tələblər və məzunların gələcək imkanları da nəzərə alınacaq.
Qeyd edək ki, kolleclərin gələcək fəaliyyəti ilə bağlı dəyişikliklərin hansı müəssisələri əhatə edəcəyi və qərarların nə vaxt qəbul olunacağı barədə hələlik ətraflı məlumat verilməyib.





