
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiq ediləcəyi müddət dəyişdirilib.
Prezident İlham Əliyev bununla bağlı “Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Fərmana dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Dəyişikliyə əsasən, büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri sentyabrın 1-dən deyil, oktyabrın 10-dan tətbiq olunacaq.
Müəyyən edilən yuxarı hədlər aşağıdakılardır:
- Vəzifə maaşına əlavələr – təqvim ayı ərzində hər bir işçiyə münasibətdə onun aylıq vəzifə maaşının 1 mislinədək;
- Mükafat və digər ödənişlər – təqvim ili ərzində illik əməkhaqqı fondunun 20 faizinədək.
Dəyişikliklə bu məhdudiyyətlərin tətbiqinə başlanılacaq tarix yenilənib.




