
Ermənistanda hərbi xidmətə çağırış yaşı ilə bağlı dəyişiklik nəzərdə tutulur. Ölkə hökuməti təhsil almaq məqsədilə hərbi xidmətdən möhlət hüququ əldə edən vətəndaşlar üçün çağırış yaşının 32-yə qaldırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Qanuntv.az xəbər verir ki, müvafiq qanun layihəsi Ermənistan hökumətinin rəsmi saytında dərc olunub.
Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, 27 yaşınadək vətəndaşlar müəyyən şərtlər daxilində təhsil almaq məqsədilə hərbi xidmətdən möhlət hüququ əldə edə bilirlər. Bunun üçün təhsillərini başa vurduqdan sonra üç il ərzində hökumətin müəyyən etdiyi sahədə işləmələri tələb olunur.
Qanun layihəsinin əsaslandırma hissəsində bildirilir ki, xaricdə təhsilin təşkili ilə bağlı xüsusiyyətlər bəzi vətəndaşların 27 yaşınadək həm təhsillərini başa vurmalarına, həm də tələb olunan üçillik iş müddətini tamamlamalarına mane olur.
Təklif olunan dəyişikliklərin məqsədi bu çətinlikləri aradan qaldırmaq və vətəndaşların təhsil səbəbindən əldə etdikləri möhlət hüququndan tam istifadə etmələrinə şərait yaratmaqdır.
Qeyd edək ki, sözügedən dəyişiklik qanun layihəsində nəzərdə tutulub. Onun qüvvəyə minməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosedurların tamamlanması tələb olunur.




